25/05/2026
25.05.2026-cı il tarixində məktəbin kitabxanasında UBR Rəminə xanım və kitabxanaçı Səbuhə Quluzadənin birgə təşəbbüsü ilə 28 May – Respublika Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədi və dönməzdir” adlı dairəvi masa təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini diqqətə çatdırmaq və milli dəyərlərimizin təbliği idi.
Tədbir zamanı iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimiz və xalqımızın istiqlal uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində mühüm və qürurverici səhifə kimi yadda qalmışdır.
Dairəvi masa ətrafında şagirdlərlə fikir mübadiləsi aparıldı, onların mövzu ilə bağlı çıxışları dinlənildi. Tədbirdə vətənə sevgi, milli birlik və azadlıq kimi ali dəyərlərdən bəhs edən şeirlər səsləndirildi, tarixi faktlar əsasında maraqlı müzakirələr aparıldı. Kitabxanada təşkil olunan kitab sərgisi iştirakçıların xüsusi marağına səbəb oldu.
Sonda vurğulandı ki, xalqımızın müstəqillik uğrunda keçdiyi şərəfli yol hər bir gənc nəslə örnəkdir və Azərbaycanın dövlətçilik ənənələri daim qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır. Tədbir iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılandı.