27/05/2026
26.05.2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən müəllimlərin “Şəhərsalma və memarlıq ili” çərçivəsində konserti keçirildi.1 gün öncə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında tələbələrimizin uğurlu çıxışından sonra onların ustad müəllimlərinin Musiqi Kollecinin Böyük zalında yüksək peşəkarlıqla təqdim etdikləri musiqi nömrələri həqiqətən bu tədris müəssisəsində formalaşan zəngin musiqi ənənələrinin və yüksək ifaçılıq məktəbinin bariz nümunəsi idi. 25 il bu kollecə rəhbərlik edən əməkdar incəsənət xadimi, professor Nazim Kazımov uzun illərin təcrübəsinə əsaslanaraq kadr seçimində düzgün siyasət yürütmüş, bu təhsil müəssisəsinin yetişdirdiyi istedadlı tələbələrlə peşəkar və istedadlı müəllim heyətinin formalaşmasına nail olmuşdur.
“Xalq çalğı alətləri” (qarmon,nağara ixtisasları) fənn birləşmə komissiyasının sədri Kənan Əsədov və şöbənin müəllimləri Sərvan Cəbrayılov, Abil Məmmədov, Nicat Mahmudov, Xəyal Abbasov, Azər Məlikov, Razi Orucov “Xanlari” və “Sevinci”rəqslərinin möhtəşəm ifası ilə konsert proqramının açılışını etdilər. Fortepiano ixtisası üzrə müəllimlər Lalə Kərimova, Şəbnəm Ağayeva, Aygül Quliyeva, Səmimət Salahova,Aytən Babayeva,Cəmalə Abdinzadə, Nərmin Əliyeva, İlahə Salmanzadə, Leyla Dadaşzadə, Ləman Azaqova, Səmimət Salahova,Vəsminaz Xəlilova, Pərviz Məmmədov, violin ixtisası üzrə Qəmərxanım Məmmədova , Tar ixtisası üzrə əməkdar artist Davud Abdullayev, Çingiz Ağazadə, qanun ixtisası üzrə Nigar Hacızadə, vokal müəllimi “Tərəqqi” medallı Fəxri Kazım-Nicat öz ifaları ilə müəllimlik peşəkarlığını və sənətkarlıq səviyyələrini nümayiş etdirdilər.
Tədbirin sonunda kollecin direktoru əməkdar incəsənət xadimi, professor Nazim Kazımov müəllimlərini alqışlayaraq onların hər birinin bu səhnəyə gəldiyi ilk addımlarını xatırlatdı, tələbəlik illərində əldə etdikləri nailiyyətləri və sənət yollarındadakı inkişaf mərhələlərindən maraqlı faktlar danışdı. O, müəllimlərin sənətə verdiyi töhfəni yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.