15/08/2026
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının
dəvəti ilə Xaçmazda yerləşən “Təhsil” istirahət mərkəzində istirahət edən ölkəmizin müxtəlif bölgələrindən olan müəllim və təhsil işçiləri ilə görüşməkdən böyük məmnunluq duydum.
Təhsil adamları ilə görüşmək, onları dinləmək, fikir mübadiləsi aparmaq, gündəlik fəaliyyətləri və onları düşündürən məsələlər ətrafında səmimi müzakirələr aparmaq mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyır. Belə görüşlər bir daha göstərir ki, Azərbaycanın müəllimləri öz peşələrinə, şagirdlərinə və ölkəmizin gələcəyinə böyük sevgi və məsuliyyətlə yanaşırlar.
Hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən böyük qüvvələrdən biri müəllimdir. Müəllim yalnız bilik vermir, həm də şəxsiyyət yetişdirir, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürür, ölkəmizin intellektual və mənəvi inkişafına mühüm töhfə verir.
Ulu Öndər Heydər Əliyevin müdrik kəlamı ilə desək: “Dünyada müəllim adından böyük ad yoxdur!”
Bu görüşdən bir daha əmin oldum: dünyanın ən gözəl müəllimləri bizim müəllimlərimizdir!
Bütün müəllimlərimizə və təhsil işçilərimizə fədakar əməyinə görə təşəkkür edir, möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və xoş, mənalı istirahət arzulayıram. Müəllim və təhsil işçilərinin istirahəti üçün yüksək səviyyəli şərait yaratdığına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da minnətdarlığımı bildirirəm.