11/03/2023
Gəlin hər birimiz öz uşaqlığımıza qayıdaq və düşünək:
Əlimizdə olan konfetləri saymaq, məndə səndən çoxdur deyib sevinmək, həmyaşıdlarımız ilə boyumuzu müqayisə etmək üçün əlimizlə ölçünü göstərmək cəhdləri, oyuncaqları qruplaşdırmaq, çirkli-təmiz demədən ətrafda olan hər bir şeyə toxunub öyrənmək həvəsi, marağı və siyahını uzatmaq olar.
📌Uşaqlar toxunaraq öyrənirlər və toxunma onların beyinlərində daha çox ideyanın yaranmasına stimul olur. Zaman keçdikcə, yəni uşaqlar yaşa dolduqca toxunmanın və toxunaraq öyrənmənin sadəcə forması, ölçüsü dəyişir. Beləliklə, təsadüfi yox, məhz zərurətdən, yəni, uşağın təbii ehtiyacı olan toxunaraq öyrənmə bacarığı tədrisdə, xüsusilə riyaziyyatın tədrisində özünə yer alır.
📍Riyaziyyat haqqında deyilən ən məşhur fikir onun dəqiq elm olmasıdır. Amma riyaziyyatın dəqiq elm olması uşaqlar üçün bir məna kəsb etmir, uşaqlar bunu başa düşmək üçün kifayət qədər özünə inamlı olmalıdırlar. Məsələn, kiçik yaşlı uşaqlar bir çox anlayışları şəkillər vasitəsilə əldə edirlər, daha sonra bu ideyaları sözlər və konkret anlayışlarla ifadə etməyi öyrənirlər. Uşaqlar üçün abstrakt, yəni məchul ideyaları konkret ideyalara gətirməyin ən məhsuldar yolu məhz manipulyativlərdir.
📌Bir çox pedaqoqların, xüsusilə, Marilyn Burns, bu mövzuda öz dövrünün ən yaxşı araşdırmaçısı olaraq bu gün də yazılarından və fikirlərindən istifadə edilir. Belə ki, o uşaqların riyaziyyatı əzbərlənən yox, başa düşülməsi vacib olan bir fənn kimi görmək üçün sinifdə ideyları aktiv və təcrübədə tətbiq etməyə imkan verən hər hansı konkret obyektlərdən, yəni, manipulyativlərdən istifadənin vacibliyi haqqında yazmışdır. O, müəllimlərə iki əsas məsləhət verirdi, birincisi nə öyrətdiyinizi əvvəlcə özünüz başa düşün, ikincisi necə öyrətdiyinizi.
Bir məqaləsində öz təcrübəsindən yazaraq:- " ilk dəfə sinfə həndəsə taxtası payladım və plastik rezinlərlə formalar yaratmasını uşaqlara tapşırdım. Bir neçə dəqiqədən sonra sinifdə xaos yarandı və uşaqlar nə edəcəklərini anlamaq üçün təlimat gözləyirdilər. Bu təcrübədən sonra başa düşdüm ki, materiallarla işləmək üçün prosesi mərhələlər üzrə təşkil etməliyəm" fikrini ifadə etmişdir.
Bu təcrübədən və yazılan bir çox araşdırmalara əsasən, belə nəticəyə gələ bilərik ki, manipulyativlərdən istifadə edərkən sinifdə müxtəlif yaş səviyyəsini nəzərə alaraq müəllimlər həmin prosesi şagirdlər üçün aydın mərhələli təlimat halına gətirməlidirlər, əks halda sadəcə strategiya əsaslı təlim prosesi nəticə verməyə bilər. Qısa olaraq, əslində bir alətin var olması onun həm də fayda verəcəyi anlama gəlmir.
🎯Bizim bu gün siniflərdə riyaziyyat ilə münasibət sadəcə bir bacarıq üzərində qurulub: problemi həll etmək. Halbuki, bu, prosesin ən sonuncu mərhələsidir, bundan əvvəl gələn düşünmək və səbəbi tapmaq mərhələlərinə yetərincə diqqət ayırlmır. İndi siz deyin, bir problemi həll etmək üçün öncə düşünmək və səbəbi ortaya qoymaq, sonra hərəkətə keçmək elə real həyatımızın əsas fəaliyyət addımları deyilmi? Onda biz niyə uşaqların real həyatı ilə riyazi bacarıqları arasında yaranmış bu səddi yox etmirik?
Əziz müəllimlər, düşünmək, nəticə çıxarmaq və problemi həll etmək zamanıdır.
(Şəkil )