28/03/2026
1781-1784-cü ildə Qafqaza səyahət etmiş alman həkim Jacob Reineggs yazır:
Agahabdal çayından (Sumqayıtçay?) on yeddi verst [təqribən 18 km] cənub-cənub-şərq tərəfdə, kor bucaqlı üçbucaq formasında tikilmiş Bakı və ya Badku şəhəri yerləşir. Bura, yerli əhalinin "atəşpərəst" adlandırdığı gəbrlər tərəfindən müqəddəs şəhər hesab olunur, Hindistan brahmanları isə buranı böyük bir lütf və mərhəmət məkanı kimi görürlər. Şəhər Qafqazın cənub qolundan 22 verst aralıda, düzənlik, çaysız və axarsız, həmçinin şəhərin özü kimi dənizə söykənən alçaq təpəli bir ərazidə yerləşir.
Şəhər ətrafı xəndəklə, habelə üzərində bir neçə top və hətta haubitsaların yerləşdirildiyi qalın, möhkəm divarlarla əhatə olunmuşdur; lakin burada heç kim onlardan istifadə etməyi bacarmır. Əvvəllər şəhər daha yaxşı görkəmə malik imiş və daha gözəl tikilibmiş, çünki burada çox sayda möhtəşəm xarabalıqlar və karvansaralar mövcuddur ki, onlara hələ də dağların yaxınlığına, şəhərin qədim zamanlarda çatdığı deyilən yerlərə qədər rast gəlinir. Gəbrlər şəhərin keçmiş böyüklüyünü və rifahını tərifləməkdən doymurlar; onlar deyirlər ki, İran hələ "həqiqi dini" Məhəmmədin dini ilə dəyişməmişdən əvvəl bu şəhəri hər il minlərlə insan ziyarət edərmiş. Şəhərin tamamilə tənəzzülə uğramasını onlar yalnız İran şahı Uzun Həsənin vəfatından sonrakı dövrlə əlaqələndirirlər.
Buna baxmayaraq, burada hələ də möhtəşəm məscidlər, evlər, bazar meydanları və dəniz sahilinə o qədər yaxın yerləşən karvansaralar var ki, gəmilər birbaşa onların qapıları qarşısında yüklənir və boşaldılır; lakin bütün bu böyük rahatlığa və ən yaxşı limana sahib olmasına baxmayaraq, ticarət tamamilə diqqətdən kənarda qalmışdır.
Bakı xanlığı olduqca bərəkətli əkin sahələri olan 32 kəndi əhatə edir. Buğda və burada yetişən iri dənəli, bol məhsullu arpa növü ixrac üçün mühüm ticarət sahəsini təşkil edir. Zəfəran məhsulu zəngindir və bəzi tarlalarda xaşxaş bitkisi yetişdirilir; xaşxaş dənələri süd rəngi almağa başlayanda gövdə ucları kəsilir və ya cızılır, oradan süzülən süd şirəsi sərtləşərək tiryək halına gəlir.
Burada toplanan pambığın keyfiyyəti çox təriflənir; bağlar heç vaxt suvarılmasa da, tənək, nar və əncir ağacları çox yaxşı inkişaf edir, hətta ən dadlı, şirin qovunlar və qarpızlar yetişir. Həmçinin, yalnız Bakıya məxsus olan və şirin dadına görə çox miqdarda əkilən, hər yerə böyük qazanclı göndərilən xüsusi növ uzun, qırmızı soğanlar da bura aiddir.
Yəqin ki, Bakıətrafı bölgədə inanılmaz miqdarda "dağ yağı" [neft] var, çünki Bakıdan 12 verst aralıda yerləşən bir neçə kəndin daxil olduğu Balaxanı mahalında 25 açıq neft quyusu var. Tez-tez neft mənbəyi quruyur və o zaman yeni quyular qazmaq məcburiyyəti yaranır; lakin köhnə quyular dərhal doldurulmur, ehtiyatla bir müddət açıq saxlanılır, çünki mənbə adətən bir neçə aydan sonra yenidən üzə çıxır. Quyuların ən dərini və ən zəngini hər gün 1000 ilə 1500 funt arası yağ verir. Bu yağın rəngi tamamilə qaradır; lakin günəşə qarşı töküldükdə qırmızımtıl görünür. O, tez alovlanmır, lakin bir dəfə alışdıqda çoxlu tüstü verməsinə baxmayaraq, parlaq işıq saçır.
Bu neft mənbəyindən dörd verst şərqdə xüsusilə diqqətəlayiq bir yer var. Bura Atəşgah adlanır. Bu məkana yaxınlaşdıqda artıq kəskin kükürd qoxusu hiss olunur. Atəşgahın ortasında quru havada güclü sarı-mavi alov görünür ki, bu alov gecələr daha da böyüyür. Bu alovun bir az aralığında, hindlilər özləri üçün kiçik daş evlər tikmişlər. Bu evlərin döşəməsi bir fut qalınlığında yağlı gil-torpaqla möhkəm döşənmişdir ki, alov otağın içindən çıxmasın. Lakin ev sahibi harada odun lazım olduğunu hesab edirsə, orada gilin içində deliklər qoyub; yemək bişirmək üçün oda ehtiyacı olan hər kəs həmin dəliyin üzərində yanan bir kağız tutur və dərhal alov yaranır.
Bakı və ümumiyyətlə şəhər ətrafında dörd-beş fut dərinlik qazıldıqda, kəskin neft dadı verən buz kimi soyuq su üzə çıxır. Suyun neft dadı verməsi bakılıların ondan istifadə etməsinə mane olmur; bu, sağlamlığa heç də zərərli deyil və səyyah heç bir yerdə bu suyu istifadə edərkən olduğu kimi böyük iştah hiss etmir.
Bakı ətrafındakı bölgə bir çox və müxtəlif cazibələrə malikdir; lakin buranı nə iyulda, nə avqustda, nə də sentyabrda ziyarət etmək məsləhətdir. Çünki bu aylarda bütün torpaq kəskin istinin ağırlığı altında taqətdən düşür və quru torpaq hər tərəfdən geniş şəkildə çatlayır. Əksinə, bura payızın sonunda və ya yazın əvvəlində gəlmək lazımdır; o zaman bu yer özünün qeyri-adi çiçəkli çəmənlikləri və bərəkətli tarlaları ilə qürur duyur. Məhz buna görə də, bütün Hirkan bölgəsi Müşkürə qədər Güllər Cənnəti (Rosenparadies) adlandırılır.
Bakı ətrafındakı möhtəşəm mənzərəni də qeyd etmək lazımdır. Dənizə və yaxınlıqdakı adalara tərəf açılan mənzərə ruhu oxşayır. Cənubda Kür çayı ilə ayrılan digər landşaftlar və həmişəyaşıl dağlar görünür. Qərb tərəfdə isə Qafqazın cənub qolu şərqə doğru güclü şəkildə uzanır ki, bu da Bakı sakini üçün həm göz zövqü verir, həm də istinin təsirini azaldır.
Tez-tez əsən quru şərq və cənub küləkləri dağlara dəydikdə, axşamlar geriyə canlandırıcı və balzam təsirli bir güclə əsir. Bu külək minlərlə müxtəlif çiçəklərin və meyvə gətirən ağacların ətri ilə dolu olur. Bu ətir yorğun və taqətdən düşmüş səyyahı qeyri-adi şirin bir yuxu ilə təəccübləndirir və o, oyandıqda özündə davamlı və xoş bir heyrət hissi duyur.
Bakı əvvəllər öz xüsusi xanları tərəfindən idarə olunurdu; lakin Fətəli xanın nəsli öz nüfuzunu genişləndirməyə başladıqdan sonra bu şəhər də onun əmrlərinə tabe oldu. Bu şəhərin xanı Məlik Məhəmməd xan, Fətəli xanın bacısı ilə evlənmişdi. Bəzilərinin dediyinə görə "əqli zəifliyindən", digərlərinə görə isə qorxudan o, idarəçilik cilovunu öz həyat yoldaşına tapşırmışdı ki, xanımı da bu işi böyük uzaqgörənlik və ləyaqətlə yerinə yetirməyi bacarırdı. Məlik Məhəmməd xan Məkkəyə ziyarətə getdi, sağ-salamat geri döndü və vəfat etdi. Ondan geriyə iki azyaşlı oğlu qaldı.
Buna görə də, "Asiya adətinə" uyğun olaraq, mərhumun qardaşı Xancan bəy hakimiyyəti təhvil almalı idi; lakin o, öz gözlərini və canını hakimiyyətdən daha üstün tutdu [kor edilməkdən qorxdu]. Bir neçə kəndin gəliri ilə kifayətlənərək, o, bacısı ilə birlikdə bu bölgənin bütün gəlirlərini xərcləyən Fətəli xanın qısqanclığından və hakimiyyət hərisliyindən uzaq durmağı bacardı.
Bakının cənub-şərqində bütün düzənlik təpələrlə və yayda quruyan kiçik duz gölləri ilə kəsilir. Bu ərazilər becərilmir və yalnız köçəri ordular və onların mal-qara sürüləri tərəfindən istifadə olunur. Lakin Kür çayının sahillərinə yaxınlaşdıqca torpaq bərəkətli olur, yaxşı becərilir və kifayət qədər məskunlaşmışdır; bu əraziyə Rudbar deyilir. Fətəli xanın mülkiyyəti olan bu yerlər bir neçə gözəl kənddən ibarətdir ki, buranın kəndliləri — çoxsaylı məskunlaşmış yəhudiləri də saymaqla — bol miqdarda düyü, taxıl və ipək məhsulu toplayırlar. Əgər xanın yaratdığı iğtişaşlar təbəələrin çalışqanlığına mane olmasaydı, buradakı balıq ovu da çox gəlirli olardı.
Rudbardan şərq-cənub-şərq tərəfə, Kür çayının ortasında üç verst eni və beş verst uzunluğu olan bir ada var ki, əslində Salyan adlanır; lakin tamamilə yanlış olsa da, Kürün hər iki sahilini bu adla çağırmaq adət halını alıb. Bu ada dənizdən hələ 15 verst uzaqdadır; bura kifayət qədər çoxməskunlaşmış, bərəkətli, gözəl meşələri olan və xeyir-bərəkətli bir torpaqdan gözlənilən hər şeyə sahib bir yerdir.
Bu adanın ortasında yerləşən Ağızçay (?) kəndi Fətəli xanın iqamətgahıdır. Yalnız bu yer onun dinc bilməyən qərarsızlığını bir neçə aylıq da olsa cilovlamağa qadirdir, halbuki o, başqa vaxtlar həmişə ora-bura dolaşır və hətta Dərbənddə ildə güclə bir neçə həftə qalır. Buradakı vətəgələr çox zəngindir və hər il 18.000-20.000 rubla icarəyə verilir.