14/08/2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionun sosial-iqtisadi imkanlarının genişləndirilməsi, infrastrukturun yenilənməsi, müdafiə potensialının gücləndirilməsi, sənaye və məşğulluq imkanlarının artırılması istiqamətində görülən işlər Naxçıvanın gələcək inkişaf perspektivlərinin daha da geniş olduğunu göstərir.
Prezident İlham Əliyevin Naxçıvana səfərləri bu siyasətin ardıcıl xarakter daşıdığının mühüm göstəricilərindəndir. Dövlət başçısının avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf istiqamətlərinə, Azərbaycanın regional siyasətinə, təhlükəsizlik məsələlərinə, enerji və nəqliyyat strategiyasına dair mühüm mesajlarla zəngin olub. Dövlət başçısının səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinin nəzərdə tutulması, günəş enerjisi layihələrinin genişləndirilməsi, DOST Mərkəzinin açılması, yeni sosial və nəqliyyat infrastrukturlarının yaradılması, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması kimi mühüm tədbirləri xüsusi qeyd etməsi göstərir ki, Naxçıvanın inkişafı artıq ayrı-ayrı layihələr deyil, vahid və uzunmüddətli dövlət strategiyası əsasında həyata keçirilir.
Müsahibədə Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi məsələsi də xüsusi diqqət çəkib. Prezident İlham Əliyev Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmamasını və onun xüsusi geostrateji mövqeyini nəzərə alaraq burada müdafiə imkanlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Əlahiddə Ümumqoşun Ordunun yaradılması, müasir silah və texnika ilə təchizat, komando bölmələrinin formalaşdırılması Naxçıvanın müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın ümumi təhlükəsizlik siyasətinin tərkib hissəsidir və Naxçıvanın sabitliyinin onun sosial-iqtisadi inkişafının əsas şərtlərindən biri olduğunu göstərir.
Enerji məsələləri müsahibənin mühüm istiqamətlərindən biri olub. Prezidentin sözlərinə görə, Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsindən sonra əsas hədəf enerji ixracına keçməkdir. Hazırkı generasiya gücünün artırılması, 300 meqavatlıq istilik elektrik stansiyasının tikilməsi və Günəş elektrik stansiyalarının yaradılması Naxçıvanın gələcəkdə mühüm enerji istehsalçısına çevrilməsinə imkan verə bilər. Bununla yanaşı, Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat və enerji bağlantılarının yaradılması məsələsi xüsusi strateji əhəmiyyət daşıyır. Dəmir yolunun bərpası, yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması, elektrik xətlərinin və digər kommunikasiya infrastrukturunun yaradılması Naxçıvanın regional nəqliyyat-logistika və enerji qovşağına çevrilməsi perspektivlərini gücləndirir.
Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də diqqətəlayiq məqamdır. Bu yanaşma Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən quruculuq və inkişaf layihələrinin bir-birini tamamlamasına, yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın hazırlanması da gələcəyə hesablanmış şəhərsalma siyasətinin mühüm göstəricisidir. Sənaye parkının yaradılması, turizm infrastrukturunun genişləndirilməsi, kənd təsərrüfatı və suvarma layihələrinin həyata keçirilməsi, yeni yolların və nəqliyyat vasitələrinin istifadəyə verilməsi isə iqtisadi inkişafla əhalinin sosial rifahının yüksəldilməsini paralel şəkildə təmin etməyə yönəlib.
Naxçıvanın inkişafında tarixi-mədəni irsin qorunması və turizm potensialının reallaşdırılması da mühüm yer tutur. Möminə xatun türbəsində bərpa işlərinin aparılması, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması, onun irsinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı təşəbbüslər Naxçıvanın yalnız iqtisadi deyil, həm də mədəni əhəmiyyətini artırır. Yeni mehmanxana komplekslərinin yaradılması, şəhər infrastrukturunun yenilənməsi və turizm imkanlarının genişləndirilməsi isə qədim diyarın beynəlxalq turizm məkanlarından birinə çevrilməsi üçün yeni imkanlar yaradır. Bununla yanaşı, sosial evlər, DOST xidmətləri, nəqliyyat və yol layihələri dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir.
Beləliklə, Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcəyinə dair sistemli və uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərini bir daha ortaya qoyub. Təhlükəsizlik və müdafiə imkanlarının gücləndirilməsi, enerji potensialının artırılması, Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması, sənaye və turizmin inkişafı, müasir şəhərsalma, sosial rifahın yüksəldilməsi və tarixi-mədəni irsin qorunması Naxçıvanın yeni inkişaf modelinin əsas istiqamətlərini təşkil edir. Bu proseslərin ardıcıl şəkildə həyata keçirilməsi Naxçıvanın Azərbaycanın iqtisadi və geostrateji imkanlarının genişlənməsində, regional nəqliyyat və enerji əlaqələrinin güclənməsində və ölkənin ümumi inkişaf strategiyasında daha mühüm mövqeyə yüksəlməsinə şərait yaradacaq.
Elnurə Kərimova