Ağsu Rayon Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi

Ağsu Rayon Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi

Share

"Təhsil millətin gələcəyidir"
Heydər Əliyev

13/05/2026

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2026-cı ilin iyun ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili), riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivə sənədini təqdim edir. Bu sənəd ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində beynəlxalq ekspertlər qrupunun dəstəyi ilə hazırlanıb.

Çərçivə sənədi qiymətləndirmənin nəyi necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəddir. Bu sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin təhlili prosesində vahid yanaşmanı, ardıcıllığı və şəffaflığı təmin edir.

Bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1 açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkil əsaslı tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq olacaq.

6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq veriləcək.

Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə monitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf

Photos from Ağsu Rayon Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi 's post 13/05/2026

08.05.2026-cı il.

Məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir, ulu öndərin əziz xatirəsi hörmət və ehtiramla yad olunmuşdur.
Heydər Əliyev uzaqgörən siyasəti, xalqına olan sonsuz sevgisi və dövlətçiliyimizin inkişafı naminə gördüyü böyük işlərlə Azərbaycan tarixində silinməz iz qoymuşdur. Onun ideyaları bu gün də ölkəmizin inkişaf yoluna işıq tutur.
Allah rəhmət eləsin!

10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.

Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.

Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.

05/05/2026

Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib
Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik. Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).
Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.
İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.
Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.

Paylaşdı: Direktor əvəzi Kərimova Vəfa Azad qızı

01/05/2026

Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərin qəbul edilməsi ölkədə idmana və xüsusilə güləş ənənələrinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu görüş təkcə bir təbrik mərasimi deyil, eyni zamanda Azərbaycanın idman sahəsində qazandığı uğurların, dövlət-idmançı münasibətlərinin və milli ruhun nümayişi kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tarixən güləş ölkəsi kimi tanınıb. Bu idman növü xalqın mədəniyyətində, milli dəyərlərində xüsusi yer tutur. Məhz bu ənənələrin davamı olaraq Azərbaycan güləşçiləri beynəlxalq arenalarda daim yüksək nəticələr əldə edir, ölkənin bayrağını zirvələrdə dalğalandırırlar. Avropa çempionatında komanda hesabında qazanılan çempionluq isə bu uğurların zirvələrindən biri hesab olunur. Bu nailiyyət həm idmançıların peşəkarlığının, həm də ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin güləşçilərlə görüşü zamanı səsləndirdiyi fikirlərdə bu uğurun əhəmiyyəti xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, idmançılar beynəlxalq yarışlarda qazandıqları qələbələrlə Azərbaycanın nüfuzunu artırır, ölkəmizi dünyada layiqincə təmsil edirlər. O, güləşçilərin zəhmətini yüksək qiymətləndirərək onların bu uğura gedən yolda göstərdikləri əzmkarlıq və iradəni xüsusi qeyd etmişdir. Görüş zamanı Prezident idman sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən də bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycanda idmanın inkişafı üçün hərtərəfli şərait yaradılmış, müasir idman infrastrukturu qurulmuş, gənclərin bu sahəyə cəlb olunması üçün geniş imkanlar təmin edilmişdir. Bu siyasətin nəticəsi olaraq ölkəmizdə müxtəlif idman növləri üzrə güclü idmançılar yetişir və onlar beynəlxalq arenalarda uğurla çıxış edirlər. Güləşçilər də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, ölkədə yaradılan şərait, göstərilən dəstək və motivasiya onların daha böyük uğurlar qazanmasına stimul verir. İdmançılar vurğulamışlar ki, hər bir qələbə onların üçün yalnız şəxsi uğur deyil, həm də Azərbaycan xalqına olan sevgi və bağlılığın təzahürüdür. Bu görüş həm də gənc nəslə mühüm mesaj verir. Gənclər bu cür uğurlu idmançıları örnək götürərək idmana maraq göstərir, sağlam həyat tərzinə üstünlük verir və ölkəni gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək arzusu ilə yetişirlər. Prezidentin idmançılarla səmimi görüşü və onların uğurlarını yüksək qiymətləndirməsi gənclər üçün əlavə motivasiya yaradır. Azərbaycanın Avropa çempionatında komanda hesabında çempion olması təsadüfi deyil. Bu uğurun arxasında uzun illər ərzində aparılan məqsədyönlü siyasət, peşəkar məşqçi heyəti, idmançıların gərgin məşqləri və dövlət dəstəyi dayanır. Bu nailiyyət bir daha göstərir ki, Azərbaycan idmanı düzgün istiqamətdə inkişaf edir və gələcəkdə daha böyük uğurlar qazanmaq potensialına malikdir. Prezident İlham Əliyev görüş zamanı həmçinin qeyd etmişdir ki, idman sahəsində əldə olunan uğurlar ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və bu imicin formalaşmasında məhz belə qələbələrin xüsusi rolu vardır. Dövlət başçısı vurğulamışdır ki, gələcəkdə də idmançılara dəstək davam etdiriləcək və onların yeni qələbələr qazanması üçün bütün zəruri şərait yaradılacaqdır. Görüşün sonunda idmançılarla xatirə şəkilləri çəkilmiş, onların gələcək fəaliyyətlərinə uğurlar arzulanmışdır. Bu səmimi və yüksək ruhlu görüş bir daha göstərdi ki, Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət nəticəsində ölkəmiz beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi yalnız bir rəsmi tədbir deyil, həm də Azərbaycanın idman sahəsində qazandığı uğurların, milli qürurun və gələcəyə inamın təcəssümüdür. Bu görüş həm idmançılar, həm də bütün Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyır və ölkəmizin idman tarixində mühüm hadisələrdən biri kimi yadda qalır.

Paylaşdı: Direktor əvəzi Kərimova Vəfa Azad qızı

30/04/2026

📢 Uşaqların I sinfə qəbulu prosesi başlayır!

🗓️ 06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

📊 Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

📌 Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.

28/04/2026

Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrej Babişin həyata keçirdiyi rəsmi səfər son dövrlərdə regionda müşahidə olunan diplomatik aktivliyin və çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin məntiqi davamıdır. Bu səfər həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan bir sıra mühüm mesajlar və perspektivlər ortaya qoyur.
Azərbaycan Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib. Görüşlərdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Prezident İlham Əliyev vurğulayıb ki, əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Dövlətimizin başçısı bəyan edib ki, Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır: "Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir". Azərbaycan Prezidenti əlavə edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: "Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq".
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir.Çex Respublikasının enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə Azərbaycanın ixrac potensialı üst-üstə düşür. Görüşlərdə xüsusilə qaz və neft tədarükü, eləcə də alternativ enerji layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Çexiya Azərbaycan neftinin Avropadakı əsas alıcılarından biridir. Azərbaycan Çexiyanın neftə olan tələbatının əhəmiyyətli hissəsini, təxminən 25-30 faizini qarşılayır. Bu göstərici Çexiyanın enerji asılılığının azaldılması və resurs bazasının diversifikasiyası baxımından həlledicidir. Son dövrlərdə əməkdaşlıq ənənəvi karbohidrogenlərdən "yaşıl enerji"yə doğru genişlənir. 2021-ci ildə imzalanmış enerji əməkdaşlıq sazişi və 2026-cı ilin əvvəlində keçirilən müzakirələr çərçivəsində Çexiya şirkətləri Azərbaycanda günəş, külək və hidrogen enerjisi layihələrində, həmçinin şəbəkənin modernləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tərəflər neft-qaz sektorundakı uğurlu təcrübəni bərpaolunan enerji mənbələrinə transfer etmək niyyətindədirlər. Bu əməkdaşlıq həm də Azərbaycanın "yaşıl enerji" qovşağına çevrilmə strategiyasına mühüm töhfə verməklə, gələcəkdə ölkəmizdə istehsal olunan ekoloji təmiz enerjinin Avropa bazarlarına, o cümlədən Çexiyaya ixracı üçün perspektivlər yaradır.
İki ölkə arasındakı siyasi həmrəylik yalnız icraedici hakimiyyət səviyyəsində deyil, eyni zamanda parlamentlərarası münasibətlərdə də özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının Milli Məclisi ilə Çex Respublikası Parlamenti arasında qurulan əməkdaşlıq mexanizmləri qarşılıqlı etimadın möhkəmlənməsinə və siyasi dialoqun institusional əsasda inkişafına xidmət edir.
Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları mütəmadi görüşlər, qarşılıqlı səfərlər və birgə təşəbbüslər vasitəsilə əlaqələri daha da dərinləşdirir. Bu platformalar yalnız ikitərəfli məsələlərin müzakirəsi üçün deyil, həm də regional və beynəlxalq gündəlikdə yer alan məsələlər üzrə ortaq mövqelərin formalaşdırılması baxımından mühüm rol oynayır.
Bundan əlavə, parlamentlər səviyyəsində əməkdaşlıq hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi və humanitar sahələrdə sazişlərin ratifikasiyası, eləcə də demokratik institutların inkişafı sahəsində təcrübə mübadiləsinə şərait yaradır. Bu isə ümumilikdə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verir.
Çexiya Baş naziri Andrej Babişin səfəri Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə mövcud əməkdaşlığı gücləndirmir, həm də gələcək üçün yeni imkanların əsasını qoyur. Regional və beynəlxalq səviyyədə artan qarşılıqlı asılılıq fonunda belə diplomatik addımların əhəmiyyəti daha da artır.

Paylaşdı: Direktor əvəzi Kərimova Vəfa Azad qızı

Photos from Ağsu Rayon Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi 's post 27/04/2026

27.04.2026-cı il.

Bu gün məktəbin akt zalında 9-cu və 11-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.

Görüş zamanı buraxılış siniflərinin məsuliyyətli dövrdə olduqları vurğulanaraq, birinci imtahan nəticələri ( konfidensiallığı qorumaqla ) müzakirə olundu. Eyni zamanda 11-ci sinif şagirdlərinin növbəti ayda keçiriləcək blok imtahanına hazırlıq səviyyəsi və onların motivasiyasının artırılması istiqamətində fikir mübadiləsi aparıldı.

Valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti bir daha qeyd olundu və şagirdlərimizin uğurlu gələcəyi üçün birgə fəaliyyətin vacibliyi diqqətə çatdırıldı.

Şagirdlərimizə qarşıdakı imtahanlarda uğurlar arzulayırıq!

27/04/2026

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır
Azərbaycan Respublikası ilə Ukrayna arasında ali səviyyədə formalaşmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə inkişafına təkan verir, münasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan - Ukrayna əlaqələrinin inkişafında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir.
25 aprel 2026-cı il tarixdə Ukrayna Prezidenti cənab Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, son dörd il ərzində tərəflər arasında yeddi görüş keçirilmiş, son təmaslar əsasən beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutmuşdur. Ukrayna Prezidentinin Azərbaycana ilk səfəri 2019-cu ildə reallaşmış, həmin dövrdən etibarən formalaşan şəxsi münasibətlər bu gün də uğurla davam edir. Dövlətimizin başçısı 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri xatırladaraq bildirmişdir ki, keçirilən görüşlər və sonrakı təmaslar Ukrayna - Azərbaycan əlaqələrinin daha yüksək səviyyəyə yüksəlməsinə töhfə vermişdir. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Sonda hərbi-texniki əməkdaşlıqla bağlı məsələlərə toxununan dövlətimizin başçısı qeyd etmişdir ki, həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan - Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Paylaşdı: Direktor əvəzi Kərimova Vəfa Azad qızı

23/04/2026

Azərbaycan Respublikası və Latviya Respublikası arasındakı münasibətlər
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında formalaşan siyasi və iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla davamlı inkişaf xətti üzrə irəliləyir. Hər iki ölkə fərqli coğrafi regionlarda yerləşməsinə baxmayaraq, strateji baxımdan bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir.
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərini, bu baxımdan beynəlxalq əhə-miy¬yət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə ge¬niş şəkildə mü¬za¬kirə edildiyini, bu əməkdaşlığın çox güclü arealı olduğunu, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haq¬qın¬da Bəyannamənin hüquqi mühit yaratdığını, münasi¬bət¬ləri daha geniş siyasi müstəvidə forma¬laş-dırdığını xatırladaraq bildirdi ki, “...bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qu¬rul¬masında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə isteh¬salın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən ki¬fayət qədər bö¬yük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticə¬lə¬nəcək”.
Hazırda Azərbaycan və Latviya arasında siyasi dialoq yüksək səviyyədə irəliləyir. Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çoxşaxəli münasibətlərimizin inkişafında yeni dövrün əsasının qoyulması kimi dəyərləndirilir.. Dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik".
Perspektiv baxımından Azərbaycan və Latviya arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün hüquqi baza daha da təkmilləşdirilməli, investisiya mühiti təşviq edilməli və biznes dairələri arasında birbaşa əlaqələr genişləndirilməlidir. Eyni zamanda, rəqəmsal iqtisadiyyat və “yaşıl enerji” sahələrində əməkdaşlıq yeni imkanlar açacaqdır.
Səfər zamanı əldə olunan ən praktik və vətəndaşyönümlü razılaşmalardan biri hava uçuşlarının sayının artırılması ilə bağlıdır. Bu addım sadəcə turizmin inkişafına deyil, həm də iş adamlarının gediş-gəlişinin asanlaşmasına, dolayısı ilə iqtisadiyyatın canlanmasına birbaşa təsir göstərəcəkdir.
Azərbaycan ilə Latviya arasında siyasi-iqtisadi münasibətlər müsbət dinamika ilə inkişaf edir və gələcəkdə daha da genişlənmək potensialına malikdir. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə sabitlik və inkişafın möhkəmlənməsinə töhfə verəcəkdir.
Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar yaradacaqdır.

Paylaşdı: Direktor əvəzi Kərimova Vəfa Azad qızı

Photos from Ağsu Rayon Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəbi 's post 23/04/2026

23.04.2026-cı il.

Məktəbimizdə tədrisin keyfiyyətinin artırılması istiqamətində növbəti addımlar atılmışdır.
4-cü və 6-cı sinif şagirdlərinin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə nəticələrinin təhlili aparılmış, nəticələri zəif olan şagirdlərlə bağlı müvafiq fənn müəllimləri ilə görüş keçirilmişdir. Görüş zamanı mövcud vəziyyət müzakirə olunmuş, şagird nailiyyətlərinin yüksəldilməsi üçün əlavə tədbirlər planı müəyyən edilmişdir.
Məqsədimiz hər bir şagirdin potensialını üzə çıxarmaq və onların daha yüksək nəticələr əldə etməsinə dəstək olmaqdır.

Want your school to be the top-listed School/college in Agsu?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Rəhimli Kəndi
Agsu
0630

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00