05/11/2012
Dünyanın uşaqları!
Gəlin əl-ələ verək!
Ən hündür bir zirvədə
Sülh bayrağı yüksəldək!
***
Sülh bayrağı dalğalansın
Hər tərəfə sülh yaysın,
Dünyadakı balalara
Sevincdən pay ayırsın!
***
Qoy dünyadakı uşaqlar
Həmişə gülsün, sevinsin,
Nə arzu etsə balalar
Yerinə yetsin arzular!
***
Mənim arzum budur Günəş,
Başımız üstündə olsun!
Gecələr sübhə qədər Ay,
Uşaqlara desin laylay!
***
Bir sehirli yağış yağsın
Dünyanı tərtəmiz etsin
Uşaqları sevməyənlər,
Çıxsın, dünyamızdan getsin!
***
Silah düzəldən əmilər
Silahları yandırsınlar,
Onlar da bizə qoşulub
Sülh nəğməsi oxusunlar!
***
Bütün qəfəsləri açıb,
Quşları göyə buraxaq
Sülhün azadlıq himnini,
Əl-ələ tutaq, oxuyaq!
***
Bütün dünyaya yayılsın
Uşaqların arzuları,
Arzularına çatsınlar
Dünyanın gül balaları!
***
Sülhün azadlıq nəğməsi
Sevindirsin hər bir kəsi
Göyərçinlər göyə qalxsın
Hamını sülhə çağırsın!
Mən balaca deyiləm
***
Səhər tezdən dururam,
Əl-üzümü yuyuram
O qədər böyümüşəm,
10-a qədər sayıram!
***
Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!
***
Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!
***
Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!
Mənim ağıllı balam
Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!
***
Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!
***
Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»!
Yeni iliniz mübarək!
Yeni ildə uşaqlar
Böyük yolka qurdular,
Yolkanın ətrafında
Çaldılar, oynadılar,
Şaxta baba hamıya
Çoxlu hədiyyə verdi,
Uşaqları bax belə,
O sevdi, əzizlədi:
«Mənim əziz balalarım,
Qardan təmiz balalarım,
Gəlin, birlikdə deyək,
Yeni iliniz mübarək!
Qorxuram divdən
Dostum, söylə nə çəkirsən?
Div çəkirəm!
Desən hərdən bəs nədən
Qələmin arxasını
Ağzında çeynəyirsən?
Axı qorxuram divdən?!
Qorxmayan siçan
Siçan dedi: «çox güclüyəm,
Qorxmuram mən heç kimdən!».
Ürəyində çox qorxurdu,
Qonşudakı pişikdən
Svetofor
Bütün günü sönən-yanan,
Üç sehrli işığım var,
Gözləri ilə danışan
Üç sehrli çırağım var.
Qırmızı işıq yanar
O hamıya tapşırar
«Mən yanarkən heç bir kəs
Maşın yolunu keçməz!
***
Yanan kimi Sarı işıq,
Hamı durub gözləyər,
«Hazırlaşın, piyadalar
Yolu keçməyə!»-deyər.
***
Yanan kimi yaşıl işıq,
Yollar olar tamam açıq
Hamı sevinər, şad olar,
Yolu keçər piyadalar.
***
Ay balaca balalar,
Ay ağıllı uşaqlar!
Bu sehirli işıqlar
Deyin nə cür adlanar?
Svetofor