10/05/2026
Azərbaycanın müasir dövlətçiliyinin memarı və qurucusu olan Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir.
7 may tarixində baş tutan tədbirdə şagirdlərimiz Ulu Öndərin zəngin ömür yolundan, xalqımız üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən çıxışlar etmiş, dahi rəhbərə həsr olunmuş şeirlər və musiqilər səsləndirdilər.
10/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.
Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.
Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.
05/05/2026
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq və strateji tərəfdaşlıq getdikcə möhkəmlənir
2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında mövcud münasibətlərin dinamik inkişafının mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilmiş görüşlər, aparılmış müzakirələr və verilmiş rəsmi bəyanatlar göstərir ki, Bakı və Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfərin yekunlarına dair mətbuata verdiyi bəyanatda Azərbaycan–İtaliya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamış, bu münasibətlərin uzunmüddətli sabitlik və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını qeyd etmişdir. Bu kontekstdə qeyd olunmalıdır ki, 2014-cü və 2020-ci illərdə iki ölkə arasında strateji tərəfdaşlığa dair müvafiq bəyannamələr imzalanmışdır. İtaliya Respublikasının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanmışdır. İkitərəfli iqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində, yüksək dinamika ilə inkişaf edir. Belə ki, son statistik məlumatlara əsasən, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard ABŞ dolları təşkil etmişdir. Həmin dövrdə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilmişdir. Bu fakt, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu bir daha təsdiqləyir. Azərbaycan qazının Avropa bazarına nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsi ikitərəfli strateji əməkdaşlığın əsas sütunlarından biri kimi çıxış edir. Layihənin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə qazın İtaliyaya çatdırılması tərəflər arasında qarşılıqlı asılılıq və tərəfdaşlıq münasibətlərini daha da gücləndirir. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi sabitlik və regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. İtaliya Respublikasının Baş naziri Ciorcia Meloni səfər çərçivəsində Azərbaycanı etibarlı tərəfdaş kimi səciyyələndirmiş və ölkəsinin Cənubi Qafqaz regionunda sabitliyin və davamlı inkişafın tərəfdarı olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, İtaliya Azərbaycan ilə əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmadığını, sənaye, nəqliyyat, yüksək texnologiyalar və humanitar sahələrdə də genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu hesab edir. İqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində görülən işlər də diqqətəlayiqdir. Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illər ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Bununla yanaşı, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif layihələrin icrasında iştirak edir. Eyni zamanda, Azərbaycanın İtaliya bazarına qeyri-neft məhsulları üzrə ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlığın dayanıqlığını artıran mühüm amillərdən biri kimi çıxış edir. Mədəni-humanitar sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm komponentini təşkil edir. Təhsil, mədəniyyət və turizm sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti xüsusi əhəmiyyətə malikdir və hazırda burada 500-dən artıq tələbə təhsil alır. Müasir geosiyasi reallıqlar kontekstində Azərbaycan–İtaliya münasibətləri daha geniş regional və beynəlxalq əhəmiyyət kəsb edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və qlobal iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından tərəflər arasında əməkdaşlıq strateji xarakter daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində Azərbaycanın oynadığı rol İtaliya üçün əlavə perspektivlər açır. Nəticə etibarilə, Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri Azərbaycan–İtaliya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və yeni məzmunla zənginləşdiyini bir daha təsdiq edir. Bu münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də daha geniş regional və qlobal miqyasda sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, formalaşmaqda olan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığının çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə transformasiyasını şərtləndirir və yaxın perspektivdə daha əhəmiyyətli nəticələrin əldə olunacağını proqnozlaşdırmağa əsas verir.
05/05/2026
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edən Prezident İlham Əliyev Bakıdan verdiyi mesajlarla Azərbaycanın regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi. Onun çıxışı həm də ölkənin sülh gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində güclü siyasi iradənin göstəricisi kimi qiymətləndirilə bilər. Prezident çıxışında son doqquz ay ərzində bölgədə baş verən proseslərə aydınlıq gətirdi. Qeyd olundu ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən sonra Azərbaycan Ermənistanla münasibətlərdə sülhə yönəlmiş addımlar atıb. Xüsusilə, 1990-cı illərin əvvəllərindən qüvvədə olan tranzit məhdudiyyətlərinin birtərəfli qaydada ləğvi və kommunikasiya xətlərinin yenidən işə salınması regionda etimad mühitinin formalaşmasına xidmət edib. Eyni zamanda, Azərbaycandan Ermənistana neft məhsullarının – benzin və dizelin ixracına başlanılması iqtisadi əlaqələrin inkişafına təkan verib. Təxminən 12 min ton həcmində həyata keçirilən bu tədarük həm əlverişli qiymət siyasətini təmin edib, həm də qarşılıqlı ticarət münasibətlərinin genişlənməsinə zəmin yaradıb. Sülh prosesinin mühüm istiqamətlərindən biri də nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafıdır. Vaşinqton razılaşmalarına uyğun olaraq irəli sürülən təşəbbüslər regionda iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib. Bu çərçivədə nəzərdə tutulan yeni marşrutlar Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin tərkib hissəsi kimi daha geniş beynəlxalq əməkdaşlığa şərait yarada bilər. Bununla yanaşı, Prezident çıxışında bəzi Avropa institutlarının Azərbaycana münasibətdə sərgilədiyi ikili standartları da tənqid etdi. Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa Parlamentinin yanaşmasının qərəzli olduğu vurğulandı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün digər ölkələrinki ilə eyni dəyərə malik olduğunu bildirərək bu məsələdə fərqli yanaşmaların qəbuledilməz olduğunu qeyd etdi. Qeyd edildi ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul olunan qətnamələr konstruktiv dialoqa töhfə vermək əvəzinə, əksinə, sülh prosesinə mənfi təsir göstərir. Bu səbəbdən Azərbaycan tərəfi belə yanaşmalar fonunda bəzi parlamentlərarası əməkdaşlıq mexanizmlərini dayandırmaq qərarına gəlib. Bütün bu məqamlara baxmayaraq, Azərbaycan sülh təşəbbüslərinə sadiq qalır və regionda uzunmüddətli sabitliyin təmin olunmasına çalışır. İrəvanda keçirilən sammitin özü də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlərin göstəricisi kimi qiymətləndirilə bilər. Ümumilikdə, sammit çərçivəsində səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər Cənubi Qafqazda siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal miqyasda artan geosiyasi risklər fonunda regionda sabitliyin qorunması bütün tərəflər üçün prioritet məsələ kimi önə çıxır.
01/05/2026
İdmançılarımız dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir
Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Görüşdə dövlətimizin başçısı güləşçilərimizin Avropa çempionatında komanda hesabında qazandıqları qələbə münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Prezident İlham Əliyev güləşçilərimiz və onların məşqçiləri ilə görüşdə qeyd edib ki, “hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Problemlərə baxmayaraq bu gün Azərbaycan idmanının ümumi inkişafı göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Qeyd edilməlidir ki, ölkəmizdə və xaricdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Ölkəmiz müxtəlif beynəlxalq yarışların -həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçirilməsi təcrübəsi vardır. Keçən il MDB Oyunları paytaxtda yox, bölgələrdə keçirilib. Bu da onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Dövlət başçımız cənab İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
29/04/2026
Azərbaycan ilə Çexiya arasında fəal siyasi dialoq, genişlənən iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq perspektivləri möhkəmlənir
Cənab Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkələr arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək perspektivlərini əhatəli şəkildə əks etdirir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Çexiya arasında siyasi dialoq hazırda olduqca fəal mərhələdədir. Bu görüş iki liderin ilk şəxsi təması olsa da, müzakirələr son dərəcə səmərəli və məzmunlu keçib. Görüş zamanı həm ikitərəfli əlaqələr, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. İqtisadi əməkdaşlıq məsələlərinə toxunan cənab Prezident bildirib ki, bu sahədə konkret təşəbbüslər və layihələr mövcuddur. Çexiyadan Azərbaycana geniş tərkibli iş adamları nümayəndə heyətinin gəlməsi xüsusilə vurğulanıb. Keçirilən biznes-forumun yeni tərəfdaşlıqların qurulmasına və mövcud layihələrin inkişafına təkan verəcəyi gözlənilir. Ticarət dövriyyəsinin artıq 800 milyon dollardan çox olduğu qeyd edilsə də, onun əsasən Azərbaycanın neft ixracı hesabına formalaşdığı diqqətə çatdırılıb. Bu səbəbdən tərəflər ticarət əlaqələrinin daha balanslı və şaxələndirilmiş olmasına çalışırlar. Görüşlər zamanı müxtəlif iqtisadi və investisiya layihələri üzrə konkret müzakirələrin aparılması gələcək əməkdaşlıq üçün ciddi zəmin yaradır. Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi təqdim olunub. Uzun illərdir ki, Azərbaycan və Çexiya bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın ixrac etdiyi neft Çexiyanın enerji balansında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı təchizatçı kimi mövqeyi Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan təbii qazını artıq 16 ölkəyə ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Çexiyaya qonşu ölkələrin də Azərbaycan qazı ilə təmin olunması regional enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub və tərəflər bu istiqamətdə gələcək addımlar barədə razılığa gəliblər. Bildirilib ki, enerji əməkdaşlığı yalnız ticarət əməliyyatları ilə məhdudlaşmır, daha genişmiqyaslı və uzunmüddətli strateji tərəfdaşlıq kimi nəzərdən keçirilir. Müdafiə sənayesi də əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qeyd edilib. Bu sahədə artıq uzun müddətdir uğurlu əlaqələr mövcuddur. Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar idxal edir və hazırda birgə istehsal imkanları üzrə konkret layihələr müzakirə edilir. Azərbaycanın müdafiə potensialını gücləndirmək, xüsusilə yerli istehsalı artırmaq istiqamətində Çexiyanın təcrübəsi böyük əhəmiyyət kəsb edir. Görüş çərçivəsində digər sahələr üzrə də fikir mübadiləsi aparılıb. Hökumətlərarası Komissiyanın yaxın zamanda növbəti iclasının keçirilməsi məsələsi gündəmə gətirilib. Ümumilikdə, bu səfər Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyini bir daha nümayiş etdirir və qarşıdakı dövr üçün geniş perspektivlərin mövcudluğunu göstərir. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər bu gün siyasi, iqtisadi, enerji və müdafiə sahələrində çoxşaxəli əməkdaşlıq formatında inkişaf edir və tərəflər bu əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər.
24/04/2026
Məktəbimizdə Maarifləndirici Görüş: Öyrətmə və Öyrənmənin Keyfiyyəti
Bu gün məktəbimizdə valideyn iclası çərçivəsində növbəti maarifləndirici görüş keçirildi. Məktəbimizin direktoru Könül Bağırova yetkinlik yaşına çatmış şagirdlərin valideynləri ilə bir araya gələrək maraqlı və faydalı söhbətlər apardı.
Görüşün əsas müzakirə mövzularından biri də öyrətmə və öyrənmənin keyfiyyətinin yüksəldilməsi oldu.
24/04/2026
"Tanınmış şəxsiyyətlər" rubrikası: Azərbaycan poeziyasının sönməz ulduzu – Səməd Vurğun!
Məktəbimizdə keçirilən silsilə tədbirlər çərçivəsində bu gün Azərbaycanın Xalq şairi, dramaturq və ictimai xadim Səməd Vurğunun həyat və yaradıcılığına nəzər saldıq.
Onun təbiətə, insana və ən əsası doğma Vətənə olan sonsuz sevgisi hər bir misrasında yenidən canlandı. Səməd Vurğun yaradıcılığı bizim üçün sadəcə ədəbiyyat deyil, bir vətənpərvərlik məktəbidir.
24/04/2026
Şahmat təkcə oyun deyil, həm də düzgün qərar vermə sənətidir. Bu gün siniflər arası keçirilən yarışda şagirdlərimiz öz strateji bacarıqlarını nümayiş etdirdilər.
23/04/2026
"22 aprel 2026-cı il tarixində psixoloq Gülbəst Aslanova tərəfindən şagirdlərlə 'Narkomaniyaya yox deyək!' mövzusunda maarifləndirici söhbət aparıldı."
23/04/2026
Məktəbdə "Oxu Dəqiqələri": Dünyanı Uşaq Gözü ilə Kəşf Edirik!
Bu gün məktəbimizdə keçirilən "Oxu dəqiqələri" çərçivəsində dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Ağ gəmi" əsəri geniş təhlil olundu.
Şagirdlərimiz əsərin baş qəhrəmanı olan balaca oğlanın xəyalları, onun saflığı və ətrafındakı amansız dünya ilə mübarizəsi barədə öz fikirlərini bölüşdülər.
# #